O pəncərə və min dənə göz!
Posted on İyun 10, 2010
Filed under Belə baxanda
O pəncərə, hansı ki arxasından neçə min sualla, böyük həsrətlə, hirslə və bəzən də paxıllıqla küçəyə boylanan bir cüt göz.
O pəncərə, hansı ki, o pəncərədən içəriyə necə istək, necə ümid, yenə də böyük həsrət və sevgi dolu zillənmiş daha bir cüt göz.
Biri o pəncərədən çölə boylanır, biri də o pəncərədən içəri baxır. Əslində aralarında çox fərq olan bu iki baxış yiyəsinin ikisinin də bir istəyi, bir arzusu var. Birinin 4 yaşı, digərinin 28. İkisi də 4 ildir ki, bir şeyin həsrətini çəkirlər. Biri ana qucağı, ana sevgisi, digəri isə övlad nəfəsi, övlad səsi… İkisi də ailə sevgisi, isti yuva arzusunda.
Əslində uşaq evindəki pəncərən boylanan uşaqla, o pəncərəyə baxan qadın arasında böyük məsafə yoxdur. Bu bir-birinə zillənmiş 2 cüt göz tez bir zamanda bir-birinə qovuşa bilər, amma, ətrafda başqa o qədər gözlər var ki — qonum-qonşu, qohum-əğrəba…
Şeytanmıdır, mələkmidir, bilmirəm — içimdə biri deyir ki, dinləmə, eşitmə, qoy kim nə deyir desin, kim necə baxır-baxsın, get götür o uşağı və yaşa! Amma, bacarammıram. Övlad istəyim çox böyükdür, lakin gücsüzəm, daha taqətim yoxdur, bu iki cüt baxış üstündə o qədər göz var ki, mən də bundan əzilirəm, bu gözlər məni yenir.
***
Bu cəmiyyətin təsirindən ayrı düşə bilməyən minlərlə əhvalatlardan sırf birinə aid olan hekayəcikdir. Həqiqətən də bu fikirlərlə uşaq götürmək istəyib, götürə bilməyənlər var.. Təəssüf ki!
Şərhlər
Leave a Reply

